- 2018-05-25
Övladınızı kompyuter və televizordan çəkindirməyin yolları
Övladınızı kompyuter və televizordan çəkindirməyin yolları
Uşağın kompüter, telefon və televizora bağlılığının səbəbi, əlbəttə, maraqlanmasıdır. Hamı kimi o da nə isə öyrənmək, əylənmək istəyir. Üstəlik şəhərləşmə, məktəbdə tələblərin artması, kompüter oyunlarının müxtəlifliyi uşağı cəlb edir. Nəticədə uşaq evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir və artıq 10 ildən çoxdur ki, araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Deməli, əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları başqa cür əyləndirmək lazımdır. Necə? Psixoloqlar bunun bir neçə yolunu göstərir.
1. Ünsiyyət.
Uşaqların qapanmasının birinci səbəbi valideynlə ünsiyyətin azlığıdır. Xoşbəxt o uşaqdır ki, anası onunla hələ bətndə ikən söhbət edir. 6 aylıq uşağa əşyaların adını demək, uşağın çıxardığı səsləri təkrarlayıb reaksiyasını gözləyərək, kiçik tapşırıqlar verərək (“ananı öp”, “oyuncağını ver” və s.) söhbət etmək olar. Baxçadan, məktəbdən gələndə, xüsusilə yetkinlik dövründə yeniliklər barədə söhbət-müzakirə, eşidib-gördüklərini danışanda dinlənmək və qəbul olunmaq, eyni zamanda valideynlərinin öz problemini onunla bölüşməsi uşaq üçün çox əhəmiyyətlidir.
2. Oyunlar.
Oyunlar bütün yaşlarda əvəzsiz əyləncə, ünsiyyət və inkişaf vasitəsidir. Uşaq oynayanda öz daxilini aça bilir. Məhz buna görə psixoloqlar uşağın iç dünyasına bələd olmaq üçün oyundan başlayırlar. Uşaqların problemi həll etmək, paylaşmaq, kəşf etmək, doğru ilə yalnışı ayırd etmək bacarığı, yaradıcılığı, həssaslığı oynadıqca inkişaf edir. Oyun və oyuncaqlara maraq uşaqda körpəlikdən təbliğ oluna bilər. Hələ 6 aylığında uşağa üst-üstə qoymaq üçün kubiklər vermək, onunla top oynamaq olar. Yaradıcı oyun və oyuncaqlar, pazl, leqo, plastilin uşağın yaratmaq qabiliyyətini inkişaf etdirir. Məktəbəqədər və məktəbli uşaqların yaşıdları ilə tez-tez oynamasına şərait yaratmaq lazımdır. Onları maraqlandırmaq üçün internetdən yüzlərlə oyun növü seçə, fürsət olan kimi özünüz də qatıla bilərsiniz. (Oyun axtaranda əvvəl uşaqların özlərindən soruşun, onlar bizim düşündüyümüzdən çox şey bilirlər). Övladınızla oyun sizin aranızdakı baryerlərin dağılmasına, bağların möhkəmlənməsinə səbəb olar. Uşağınıza mənəvi yaxınlığın yolunu oyunlarda tapa bilərsiniz. Nitq qüsuru olan uşaqlar üçün oyun xüsusilə vacibdir. Onlar sözlə deyə bilmədiklərini, hisslərini və arzularını oyun əsnasında ifadə edər, beləliklə özlərinə, kompüter, yaxud televizora qapanmazlar.
3. Fiziki məşqlər.
İdmanın uşaqların fiziki sağlamlığı üçün vacib olduğunu hamımız bilirik. Ancaq son illərin araşdırmaları fiziki məşqlərin eyni zamanda psixoloji inkişaf üçün əvəzsiz olduğunu göstərir. Psixoloqlar həddən artıq fəal və hər şeyə marağı olan hiperaktiv (onları dəcəl adlandırırıq) uşaqları xüsusi, kobud idman növləri—basketbol, karate, taekvondo, üzgüçülük kimi məşğuliyyətlərə yönəltməyi məsləhət görür. Diqqət yayılmaları olan hiperaktiv uşaqlar suda müvazinəti tənzimləyərək tərbiyə olunur, diqqəti tərbiyə edirlər. Yeniyetmə dövründə uşaqların idmanla məşğul olması onların özünütəsdiqinə, özünə inamın əmələ gəlməsinə, boş vaxtını səmərəli keçirməsinə kömək edir.
4. Kitablar.
Kitablara maraq yaratmaq heç vaxt gec, ya da tez deyil. Hətta 6-7 aylıq uşaqlara nağıl oxumaq olar (əlbəttə, qorxulu nağıllar nəzərdə tutulmur). Yaşı tamam olmamış uşaqların özünün istifadəsi üçün onların dişinə davamlı rəngli karton, rezin, səsli kitablar var. Axşamlar yatmazdan, layladan əvvəl nağıl oxumaqla həm yatmaq prosesini əyləncəyə çevirər, həm də kitab oxumaq vərdişini yarada bilərsiniz (Bunun üçün valideynin örnək olması daha uyğundur). Öz oxuduqlarınızı paylaşmaq ünsiyyətin bir hissəsi olar. Maraqlı kitabı övladınıza hədiyyə olaraq, təmtəraqla verin. Bununla ona kitabın dəyərini anlatmış olarsınız.
5. Təbiətlə təmas.
Bu, təəssüf ki, çoxumuzun heç əhəmiyyət vermədiyi, dəyərini bilmədiyimiz bir məsələdir. Şəhərləşmə nəticəsində valideynlər təhlükədən çəkinərək, ya vaxt azlığından uşaqlarını havaya çıxarmırlar. Halbuki açıq havada tez-tez olan, oynayan uşaqlar enerjilərini çıxardıqları üçün daha diqqətli olur, dərsdə fikirlərini daha yaxşı cəmləyirlər. “American Journal of Public Health” jurnalı bir araşdırma haqda yazır, göstərir ki, hiperaktiv və diqqət yayınması olan uşaqlarla açıq havada keçirilən məşğələlər qapalı məkanda keçirilən məşğələlərdən daha təsirli olub. Evdə istəmədiyiniz, amma yaradıcılığı inkişaf etdirən vasitələr—təbaşir, barmaq boyaları, qumla oyun açıq havada heç kimə mane olmaz. Bəzən valideynlər uşağın başını qatmaq məcburiyyətindən onu televizorun, yaxud kompüterin qarşısına qoyur, bu vərdişə çevriləndən sonra əziyyət çəkirlər. Çox məşğulsunuzsa, uşağa yaradıcı oyun və bunun üçün vasitələr təklif edin. Yaşından asılı olaraq, leqo, pazl, konstruktorlar, rəngli kağız və uşaq üçün qayçı, plastilin sizə yardımçı ola bilər.Vaxtınız yoxdursa, ya yorulmusunuzsa, övladınızdan sizə danışmaq istədiyi şeyin, hadisənin rəsmini çəkməsini xahiş edin. Həm siz rahatlayar, həm də uşağın yaradıcılığına fürsət vermiş olarsız. Mütəxəssilər uşaqların yaş həddinə uyğun olaraq kompüterdən istifadə müddətini müəyyənləşdirib; yeniyetmələr kompüterlə ən çoxu saat yarım işləsə yaxşıdır (hər yarım saatdan bir 10 dəqiqəlik fasilə verməklə). 8 yaşa kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7 yaşdan aşağı uşaqlar cəmi 20 dəqiqə istifadə edə bilər.
Mənbə: Valideyn.az